Noyabrın 25-də Bakıda,
ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və
iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirilib.
Tədbirin iştirakçıları
arasında ABŞ, Belçika, Bolqarıstan, Böyük Britaniya, Fransa, İsrail, İsveçrə,
İtaliya, Gürcüstan, Kanada, Misir, Pakistan, Polşa, Rumıniya, Rusiya və Türkiyənin
aparıcı beyin mərkəzlərinin rəhbərləri və nümayəndələri yer alıblar.
Konfransda Orta Dəhlizin
təhlükəsizlik aspektləri, regionun iqtisadi imkanları müzakirə olunub. Xüsusilə
bu baxımdan Zəngəzur dəhlizinin əhəmiyyəti, Şərq-Qərb dəhlizinin yaradacağı
yeni nəqliyyat imkanları, beynəlxalq yükdaşımalarının genişləndirilməsi və şaxələndirilməsi
məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.
ADA Universitetinin rektoru Hafiz Paşayev
konfransı açıq elan edərək bildirib ki, bu dəfə biz əsas diqqəti bu gün region
üçün çox önəmli və vaxtı yetişmiş məsələ olan “Orta Dəhliz” məsələsinə yönəltməyə
qərar verdik. Azərbaycanın geostrateji yerləşməsi həmişə - qədim İpək Yolu
vaxtından Ümummilli Lider Heydər Əliyevin böyük Avrasiyanın yeni enerji xəritəsini
məharətlə cızaraq müvəffəqiyyətlə enerji dəhlizlərinin yaratdığı müasir
dövrümüzə qədər özünə diqqəti cəlb etmişdir. Bu, həm ticari, həm də siyasi
nöqteyi-nəzərdən qovuşuqda yerləşən ölkə üçün asan deyildi. Çünki regionun üzləşdiyi
bütün əsas məsələlərdə Azərbaycan həmişə üzərində hökmranlıq etmək istəyən tərəflərin
səylərinə, bu səylərin haradan daxil olmasına baxmayaraq müqavimət göstərmişdir.
Konfransda Prezident
İlham Əliyev belə mühüm məsələlərin müzakirəsi üçün bu önəmli tədbirə ev
sahibliyi etdiyinə görə ADA Universitetinə xüsusi təşəkkürünü bildirib.
Azərbaycanınn yerləşdiyi
coğrafi məkan haqqında fikirlərini səsləndirən ölkə başçımız üstünlüklərimizdən
danışıb. Qeyd edib ki, Bizim açıq dənizə, okeanlara çıxışımız yoxdur. Buna görə
istər bizim enerji layihələrimiz, istərsə də nəqliyyat layihələrimiz olsun, hədəfimizə
çatmaq üçün biz çox gərgin işləməli idik. Eyni zamanda, bizim coğrafi mövqeyimizin
üstünlüyü Avropa ilə Asiyanın arasında yerləşməyimizdir. Əslində, iki qitənin
ortasında yerləşirik və bu bizə bağlılıq məsələlərində mühüm rol oynamağa imkan
verir. Lakin infrastrukturun fiziki olaraq mövcudluğu ən vacib məsələ idi və
biz bu sektora uzun illər ərzində sərmayə yatırmışıq. İndi isə dəmir yolları əlaqələrimizə,
yol infrastrukturumuza baxdıqda biz Azərbaycanda hər şeyin hazır olduğunu
görürük.
Prezident İlham Əliyev Zəngəzur
dəhlizinin gələcəkdə region ölkələrinin iqtisadiyyatına göstərəcəyi müsbət təsirini
diqqətə çatdıraraq bildirib ki, biz faktiki olaraq Zəngəzur dəhlizi ilə bağlı
müzakirələrimizi Ermənistanla deyil, Rusiya ilə aparırıq. Çünki Ermənistan
asılı ölkədir. Onun müstəqilliyi çox simvolikdir. Ona görə də, biz onlarla
danışıqlar apararaq vaxt itirmək istəmirik, Rusiya ilə danışıqlar aparırıq.
Yeri gəlmişkən, Rusiya rəsmiləri ilə son təmaslarım zamanı biz Zəngəzur dəhlizini
müzakirə etdik. Düşünmürəm ki, Ermənistan bu layihəni əngəlləmək iqtidarında
olacaq. İrana gəlincə, yenə də düşünmürəm ki, bu, belə olacaq. Çünki İran özü
regional kommunikasiya layihələrində maraqlı olmalıdır, ona görə ki, bu layihələr
heç kimə qarşı deyil, hamının xeyrinədir.
44 günlük müharibədə Azərbaycanın
əldə etdiyi qələbə dövlətimizin gücünü siyasi və diplomatik müstəvidə daha da
gücləndirərək dövlətimizin nüfuzunu artırmışdır. İndi regionda heç bir layihə
Azərbaycanın iştirakı olmadan keçirilmir. Bütün bunlar Prezident İlham Əliyevin
apardığı uzaqgörən siyasətin nəticəsidir.
Akif Rüstəmov,Xocalı rayon ziyalısı